74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi

Mötəbər dünya səviyyəli tədbir kimi tanınan Beynəlxalq Astronavtika Konqresində tanınmış kosmik agentlikləri və kosmik sektorun özəl şirkətlərinin nümayəndələri iştirak ediblər. Komandamız konqresin qonaqlarına Azərbaycanın milli-mənəvi dəyərlərini nümayiş etdirərək tədbirin açılış mərasimini, tədbirin açılışına həsr olunmuş şam yeməyini və bağlanışına həsr olunmuş qala şam yeməyini təşkil etdi.

74-cü Beynəlxalq Astronavtika Konqresinin təşkili prosesi genişmiqyaslı açılış mərasimi, kosmik gəminin pəncərələrini təkrarlayan xüsusi monitorlardan istifadə etməklə rəqəmsal vizuallaşdırma, floristik dizayn və bədii instalyasiya, eləcə də rahat qarşılama zonaları və müxtəlif ölkələrin ənənəvi elementlərindən ibarət guşələrin yaradılması kimi detallı hazırlıq mərhələlərini əhatə edir.

Proqram dahi şair Nizaminin fəlsəfəsi, Nəsirəddin Tusi tərəfindən təsis edilən Marağa Rəsədxanası və bəşəriyyətin heyrətamiz kəşfləri – kosmosun varlığını dərk etmək, onun əsrarəngiz gözəlliyi ilə valeh etmək prizmasından təqdim olunub.

Digər əsas ideya isə təbiətin 4 elementinin simvolları və qədim sivilizasiyanın mağara rəsmlərini xatırladan ornamentlərlə iç-içə olan “Vitruvi adamı”nda simvollaşdırılmış elementlərin insana təsirini təsvir etmək idi.

Tədbirin hər bir təfərrüatı, o cümlədən rəqs proqramı, musiqi və vizual effektlər Azərbaycanın ənənəvi simvollarını əks etdirmiş, bu möhtəşəm tədbirin qonaqlarına fəxrlə təqdim edilmişdir.

Qeyd edək ki, “Talkwaker”in hesablamasına əsasən, tədbir #IAC2023 həştəqi ilə sosial media platformalarında trendə çevrilib, həmçinin “top tədbirlər” siyahısında birinci yeri tutub.